General M.Əsədov adına 29 saylı orta məktəbdə ekoloji maarifləndirmə və ekoloji bilikləri artırmaqla, dünyada ekoloji problemlərin yaranmasının səbəbləri və onların həlli yolları mövzusunda məktəblilər arasında "Breyn-rinq” yarışı keçirilmişdir. Tədbirin münsiflər heyətində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ARDNŞ-nin Ekologiya İdarəsinin, Bakı Dövlət Universitetinin nümayəndələri təmsil olunmuşlar. Münsiflər heyətinin üzvləri yarışdan öncə məktəblilər qarşısında çıxış etmişlər. ARDNŞ-nin Ekologiya İdarəsinin Ekoloji Ölçmə və Tullantıların İdarə Olunması Departamentinin rəisi Ceyhun Şixəliyev öz çıxışında Ekologiya İdarəsinin fəaliyyət istiqamətlərindən və ARDNŞ-də yerinə yetirilən ekoloji layihələrdən danışmış, Şirkət rəhbərliyinin bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğıni qeyd etmişdir. O, ARDNŞ-nin son illər həyata keçirdiyi genişmiqyaslı ekoloji layihələri hesabına, bir çox ekoloji problemlərin həlli istiqamətində görülən işlər barədə ətraflı məlumat vermiş, iştirakçıların diqqətinə video materiallar təqdim etmişdir. C.Şixəliyev məktəbin müəllim və şagird kollektivini Ekologiya İdarəsinin nəzdində yeni yaradılan "Ekoloji park”a ekskursiyaya dəvət etmişdir. "Breyn-rinq” yarışmasında məktəblilərin ətraf mühitin qorunması məsələlərinə maraq göstərdikləri bir
daha aydın olmuşdur. Yarışın qaliblərinə diplom və hədiyyələr təqdim olunmuşdur.
height=