1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.
1992-ci il mayın 27-də parlament " Azərbaycan Respublikasının Dövlət himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət himni kimi təsdiq edildi.